Azərbaycan millisinin futbolçusu Əli Gökdəmir əməliyyat olunub. Bu barədə apasport.az saytına futbolçunun öz məlumat verib.
Hazırda Türkiyədə Superliqa təmsilçisi “Elazığspor”un şərəfini qoruyan müdafiəçi xeyli vaxtdır belində ağırlar hiss etdiyindən əməliyyat olunduğunu söyləyib.
“Belimdəki ağrılara görə əməliyyat olunmalı idim. İndi özümü daha yaxşı hiss edirəm. Zədə cari mövsümdə klubumda oynamağa imkan vermədi. Aprelin 22-də Almaniyada əməliyyat olundum və 4 həftə sonra məşqlərə başlaya biləcəyəm” – deyə, Gökdəmir bildirib.
Futbolçu deyib ki, növbəti mövsümü yenə Türkiyədə keçirə bilər: “İyunun 30-da “Elazığspor”la icarə müddətim bitir. Bundan sonra “Hannover 96”ya gedə bilərəm. Amma Türkiyədə qalmaq fikrindəyəm. Ən azından indiki klubum olmasa belə, başqasında oynamaq ehtimalım var. Menecerim “Hannover 96”nın baş məşqçisi Tayfun Korkutla danışıb. Amma hələlik konkret qərara gələ bilməmişik”.
Müdafiəçi millimizin mayın 28-də ABŞ-a qarşı keçirəcəyi yoxlama görüşü barədə də fikirlərini bölüşüb: “Son iki toplanışda milliyə çağırılmadım. Bunun səbəbi zədələrimin olması idi. Amma inanıram ki, bundan sonra dəvət alaram. Foqtsla söhbət etməmişəm. Yığmaya ABŞ-la oyunda uğurlar arzulayıram”.