[b]Elvin Məmmədov “İnter”dən ayrıla bilər: Qalmaqda tərəddüd edirəm[/b]
30.03.2015 - 11:19
[b]Elvin Məmmədov “İnter”dən ayrıla bilər: Qalmaqda tərəddüd edirəm[/b]

“Bura Kaxaber Sxadadzeyə görə gəlmişəm. O isə mövsümün sonunda komandadan gedəcək. Əlbəttə, istər-istəməz insan tərəddüd içində qalır”. Bu sözləri apasport.az saytına “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

 

Son vaxtlar əla formada olan milli komandamızın üzvünün “bankirlər”lə müqaviləsi mövsümün sonuna qədərdi. O, hələlik nə “İnter”dən nə də başqa bir klubdan təklif olduğunu bildirib: “Mövsümün sonunda nə olacağını indidən deyə bilmərəm. “İnter”dən yeni müqavilə təklifi gələrsə, oturub danışarıq. Müqavilə məsələsində də bəzi nüanslar var ki, gərək onda da razılıq olsun”.

 

27 yaşlı futbolçunu ən çox narahat edən məqam komandada baş verəcək baş məşqçi dəyişikliyidi: “Yayda yeni baş məşqçi gələcək, tam başqa sistem tətbiq edəcək. Bəlkə mən onun oyun taktikasına heç uyğun gəlməyəcəm. Amma deyim ki, yeni baş məşqçi olacağı gözlənilən Marino Pusiç sadə insandı, futbolçulara yaxınlaşır, hamı ilə hal-əhval tutur, söhbət edir. Mənimlə də müsbət danışığı olub. Oyunumu bəyəndiyini dedi, amma öz üzərimdə hələ çalışmağımı məsləhət gördü”.

 

“İnter”in sahibinin dəyişməsi komanda ətrafında müəyyən söz-söhbətlərə səbəb olub. Belə ki, futbolçuların maaşlarının azaldılacağı iddia edilir. Lakin Məmmədov bununla bağlı bir problemlərinin olmadığını vurğulayıb: “Burda maaşla bağlı problem yoxdu. Kaxaber Sxadadze də, Georgi Nikolov da maaşla bağlı bizimlə görüşüb. Narahatlığa əsas olmadığını və maaşların əvvəlki qaydada veriləcəyini dedilər. Pulumuzu da vaxtlı-vaxtında, əvvəlki qaydada alırıq”.

 

Ruslan SADIQOV