[b]Elxan Məmmədov: “Qəbələ”nin işi daha çətindi[/b]
02.07.2014 - 12:05
[b]Elxan Məmmədov: “Qəbələ”nin işi daha çətindi[/b]

“Bu il komandalarımızın avrokuboklardakı çıxışları ilə bizi sevindirəcəyinə inanıram. Düzdür, 4 klubumuzun hamısının uğur qazanması çətin görünür. Amma ən azından 1 komandamızın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ümid edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Sabah “Qəbələ” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşmaqla, ölkəmiz üçün avrokubok mövsümünə rəsmən start verəcək. Elə 4 klubumuzdan şansları ən az dəyərləndirilən də “qırmızı-qaralar” göstərilir.

 

AFFA-nın baş katibi də belə düşünür. Bununla belə, Məmmədov ümidimizi itirməməyimizi bildirir: “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu işinə yeni başlayıb. Bunu nəzərə almaq lazımdır ki, onun üçün bu baxımdan çətin olacaq. Çünki 1 il ərzində Yuri Syomin komandanı çalışdırdı və “Qəbələ”dən getdi. Muntyanu isə Sloveniyadakı yoxlama matçlarını nəzərə almasaq, heç komandası ilə rəsmi oyuna çıxmayıb. Hesab edirəm ki, ən çətin iş “Qəbələ”nin üzərinə düşüb. Bununla belə, ümid edək ki, onlar sabah ilk avrokubok matçında bizləri sevindirəcəklər”.