Futbol üzrə Kamerun millisi onları dünya çempionatında iştirak etmək üçün Braziliyaya aparmalı olan təyyarəyə minməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, futbolçular dünya çempionatından onlara çatmalı olan bonusların az olmasından narazıdırlar.
Komanda Milli Futbol Federasiyasının mükafat məbləğini artıracağına ümid edərək, bir neçə yoldaşlıq görüşü keçirib. Amma bonusların məbləği artırılmayıb. Bundan sonra, azarkeşlərin bütün cəhdlərinə baxmayaraq, Kamerun millisinin oyunçuları qaldıqları mehmanxananı tərk etməyib.
Futbol Federasiyası millinin oyunçularına FİFA-nın ayırdığı məbləğdən qrup oyunları üçün 6 faiz, 1/8 finala çıxmağa görə 20 faiz, 1/4 finala çıxmağa görə 30 faiz, yarımfinala görə 40 faiz, final oyunu və ya üçüncü yer üçün 50 faiz vəd edib.
Qeyd edək ki, futbolçular bundan əvvəl də etiraz aksiyası keçiriblər. Onlar rəsmi mərasimdə baş nazirin əlindən bayrağı qəbul etməkdən imtina ediblər. Bayrağı baş məşqçi almalı olub.