[b]Fantastik sıçrayışdan növbəti enişədək![/b]
19.09.2016 - 12:51
[b]Fantastik sıçrayışdan növbəti enişədək![/b]

Azərbaycan millisinin oktyabrda keçiriləcək seçmə oyunlarının FİFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırda 252 xalla 133-cü yerdə olan komandamız DÇ-2018-in seçmə mərhələsinin Norveçlə ev, Çexiya ilə səfər qarşılaşmalarında aktivini xeyli dəyişə bilər.

 

Əgər Robert Prosineçkinin yetirmələri hər iki matçda qalib gəlsə, xal hesabı bizim üçün fantastik həddə - 507-yə yüksələcək. Bu isə təxminən 65-66-cı yerlərədək irəliləmək üçün kifayət edəcək. Millinin dəqiq mövqeyi isə digər komandaların da nəticələrindən asılıdı.

 

Çexiyada qələbə, Bakıda heç-heçə hesabımızı 427, səfərdə bərabərlik, evdə qalibiyyət isə 404 xala qədər artırmaq imkanı yaradacaq. Birinci variant ilk 80 komanda sırasına düşmək imkanı verməlidi. Digər uğurlu nəticə isə 81-85-ci yerlərə yetərli ola bilər.

 

Oyunların birində qələbə, digərində məğlubiyyət də millimizin xeyrinədi. Bu qələbə Çexiyada əldə olunsa, əmsalımız 387, ev matçına təsadüf etsə, 352-yə qədər artımla nəticələnəcək. Komandamız bunu bacarsa, uzun fasilədən sonra ilk “yüzlüy”ə daxil olacaq. Birinci halda, təxminən 85, ikincidə 95-ci yerə yaxınlaşacağıq.

 

İki heç-heçə isə bu rəqəmi 324-ə çatdıracaq. Bu, millimizin 105-110-cu yerlər arasına qədər yüksəlişi üçün yetərlidi.

 

Bu oyunlardan yalnız birində sülhə sevinib, digərində uduzsaq da, xalımız azalmayacaq. Bərabərlik rəqib meydanında əldə olunsa, hesabımız 283-ə çatacaq. Norveçlə heç-heçədə isə 272 ilə kifayətlənəcəyik. Belə nəticələr təxminən 3-5 pillə irəliləyiş vəd edir.

 

Oktyabrda iki məğlubiyyət yaşanacağı halda, yığmamızın aktivindəki xallar 232-yə qədər azalacaq. Bu isə 5-6 pillə geriləməklə nəticələnəcək.

 

Qeyd edək ki, yığmamız oktyabrın 8-də Norveçi qəbul edib, 12-də Çexiyanın qonağı olacaq.

0