[b]Fariz Nəcəfov: Əsasnamədə belə maddə yoxdur[/b]
18.04.2014 - 16:43
[b]Fariz Nəcəfov: Əsasnamədə belə maddə yoxdur[/b]

“İntizam Komitəsinin klubumuza aid kəsdiyi pul cərimələrinə etirazımız yoxdur”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Bu gün AFFA İntizam Komitəsi ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşləri ilə bağlı qərar çıxarıb. Ən çox cəzaya layiq görülən “Qəbələ” olub. Belə ki, “qırmızı-qaralar”a 14 min manat para cəzası verilib. Təbii ki, bunlardan 10 mini cəzalı durumda olan Elnur Allahverdiyevin baş hakim Rəhim Həsənovu söyməsinə görə “Qəbələ”yə kəsilib. Üstəlik, Elnura Premyer Liqanın növbəti 5 oyununda meydana çıxmaq qadağası qoyulub.

 

Bəs görəsən, “Qəbələ” bu qərardan şikayət verəcəkmi? Bu suala klubun vitse-prezidenti Fariz Nəcəfov belə cavab verdi: “Artıq apellyasiya şikayəti vermişik. Təbii ki, bizi cəzanın maliyyə hissəsi yox, bunun Premyer Liqaya şamil olunması narazı salır. Hansı ki, Əsasnamədə belə maddə yoxdur. Futbolçu kubokla bağlı cəza alıbsa, cəzası da bu turnirə aid olmalıdır”.

 

Nəcəfov futbolçunun cərimələnəcəyini də bildirdi: “Elnur Allahverdiyevin əməlinə görə kluba kəsilən cəriməni biz ödəyəcəyik. Ancaq bununla belə, futbolçunun özü də sərt şəkildə cəzalandırılacaq”.

 

Səbuhi TOFİQOĞLU