Azərbaycan millisi zəngin tarixə malik stadionda oynayacaq. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın İtaliya ilə səfər oyununda yığmamızın meydana çıxacağı “Communale Rentso Barbera” stadionunun maraqlı tarixi var.
1932-ci ildə açılışı olan Palermo şəhərindəki arena faşist rejimini təcəssüm etdirən “Littorio” adını daşıyıb. 1936-cı ildən sonra isə İspaniyadakı vətəndaş müharibəsində ölən əsgərin şərəfinə stadion Mişele Marrone adına yiyələnib.
II Dünya müharibəsindən sonra isə idman qurğusu “La Favorita” kimi tanınıb. 1980-ci ildə bu stadionun DÇ-1990-ın final mərhələsini qəbul edən arenalar sırasında olacağı təsdiqlənib. Buna görə də 1989-cu ildə əsaslı təmir işləri aparılıb. Nəticədə stadionun tutumu 37 minə bərabər olub. Stadionun futbol meydançasının ölçüləri isə 105x68 m-dir.
Burada DÇ-1990-nın 3 oyunu keçirilib. Maraqlıdır ki, hər 3 oyun heç-heçə nəticələnib. Hollandiya Misir və İrlandiya ilə eyni hesablı (1:1) bərabərliklə kifayətlənib. Sonuncu 2 komandanın oyunu isə qolsuz “sülh”lə başa çatıb.
2002-ci ildə “Palermo”nun prezidenti Rentso Barberanın ölümündən sonra stadiona onun adı verilib.