Korrupsiyaya görə günahlandırılan FİFA-nın yüksək vəzifəli şəxslərindən biri Çak Bleyzer günahını etiraf edib. Apasport.az saytı xəbər verir ki, o, 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarına ev sahibliyi edən ölkələrin seçimində rüşvət aldığını təsdiqləyib.
Bleyzer bildirib ki, həmin vaxtlarda onunla yanaşı, FİFA-nın daha bir neçə rəsmisi bu addımı atıb. FİFA-nın istintaqa cəlb olunan digər əməkdaşları kimi, Bleyzer də 10 milyon dollar rüşvət almaqda günahlandırılırdı.
Bleyzer 4 il əvvəl vergidən yayınma və digər cinayətlərdə təqsirli bilinmişdi. Maraqlıdı ki, həmin vaxt da o, səhvini boynuna almaqla, ABŞ-ın Federal Təhqiqatlar Bürosuna xəbərçilik etmişdi.
İnterpol FİFA-nın daha 6 rəsmisi ilə bağlı axtarış elan edib. Onların sırasında FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner də var.
Qeyd edək ki, korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib. 79 yaşlı Blatter yenidən ali futbol qurumunun rəhbəri seçilsə də, 4 gün sonra postunu tərk etdiyini açıqlayıb.