“Azərbaycan və Qazaxıstan futboluna böyük pullar yatırılır. Əlbəttə, gec-tez bu, öz müsbət nəticəsini verməlidi”. Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan yığmasının sabiq hücumçusu Laşa Cakobiya deyib.
Futbolçu karyerası ərzində PSJ, “Standard”, “Arsenal” (Kiyev) və “Metallist” kimi klublarda çıxış etmiş 35 yaşlı keçmiş futbolçu Gürcüstan mətbuatına müsahibəsində ölkə futbolu barədə fikirlərini bildirib.
Cakobiya müsahibə zamanı Azərbaycan futbolunu özləri üçün nümunə göstərib: “Həm Azərbaycan, həm də Qazaxıstan futbola yatırımlarının meyvələrini dərməyə başlayıb. “Astana” Çempionlar Liqasının, “Qarabağ”la “Qəbələ” isə Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədi. Amma Gürcüstanda futbola heç kim pul ayırmır. Hazırda Gürcüstan Futbol Federasiyasına Levan Kobiaşvili başçılıq edir. Elitar təbəqənin ona böyük hörməti var. İndi futbolun inkişafı üçün yeni proqram hazırlayır. Çempionata pul yatırılması çox önəmlidi. İlk növbədə düzgün infrastruktur yaradılmalıdı. Sponsorlar üçün hazırkı Gürcüstan çempionatı heç bir maraq kəsb etmir”.
Qeyd edək ki, Laşa Cakobiya 2004-2008-ci illərdə Gürcüstan yığmasının heyətində 13 oyun keçirib, 1 qol vurub.