[b]İbrahimoviç “Yekədiş”ə çatıb, azərbaycanlıya həsəd aparır[/b]
18.11.2015 - 13:34
[b]İbrahimoviç “Yekədiş”ə çatıb, azərbaycanlıya həsəd aparır[/b]

AVRO-2016-nın pley-off mərhələsinin son günündə Danimarka millisinin qapısına 2 qol vuran İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç dünyanın ən yaxşı bombardirlərinin siyahısında mövqeyini yaxşılaşdırıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı skandinaviyalı yığmadakı qollarının sayını 62-yə çatdırıb.

 

Buna 111-ci oyununda nail olan Zlatan millidəki qollarına görə braziliyalı ulduz “Yekədiş” ləqəbli Ronaldoya çatıb. Bu iki oyunçu ilə yanaşı, iranlı Əhməd Radhi də yığmasında 62 dəfə fərqlənib. “Üçlük” millidə ən çox qol vuranların siyahısında 17-19-cu yerləri bölür. Lakin onlardan yalnız İbrahimoviç karyerasını davam etdirdiyindən göstəricisini daha da yaxşılaşdırmaq imkanına malikdi.

 

Ümumiyyətlə isə hesabında 60-dan çox qol olan 19 oyunçudan yalnız ikisi hesabını artıra bilər. Siyahıda 14-cü olan Robbi Kin İrlandiya millisində 67 dəfə qol sevinci yaşayıb.

 

Millidəki qol sayında dünya rekordu isə İran yığmasının azərbaycanlı hücumçusu Əli Daeiyə məxsusdu. Hesabında 109 qol olan futbol veteranına nəinki Ronaldo və İbrahimoviç, hətta əfsanəvi Ferens Puşkaş və “Futbol kralı” Pele də həsəd aparır.

 

Milli komandada ən çox qol vuran futbolçular

1. Əli Daei (İran) - 109

2. Ferens Puşkaş (Macarıstan, İspaniya) – 84

3. Kunişiqe Kamamoto (Yaponiya) – 80

4. Hüseyn Səid (İraq) – 78

5. Pele (Braziliya) – 77

 

Qeyd edək ki, Azərbaycan millisinin ən yaxşı bombardiri Qurban Qurbanovdu. O, yığmada çıxış etdiyi vaxt 14 qol vurub.