Sabah milli komandaların iştirakı ilə yoxlama oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Moldova ilə qarşılaşacaq.
Bu matç yığmamızın 2015-ci ildə son görüşü olacaq. Robert Prosineçkinin debütü ilə əlamətdar olan ildə 6 seçmə oyunu keçirən komandamız 2-ci yoxlama matçında qüvvəsini sınayacaq.
Serbiya ilə yoldaşlıq oyunu (1:4) Avstriyada baş tutan millimiz xorvatiyalı baş məşqçinin rəhbərliyi altında ilk dəfə evdə yoxlama matçı keçirəcək. Balkanlılarla sınaqda böyük hesabla uduzan yığmamız Moldova ilə görüşdə azarkeşlərini sevindirməyə çalışacaq.
Bu görüş Bakı Olimpiya stadionunda baş tutacaq. Tarixində ikinci dəfə ölkəmizin ən böyük arenasına çıxacaq yığmamız ilk dəfə bu stadiondan uğurlu nəticə ilə ayrılmaq əzmindədi. İtaliya ilə AVRO-2016-nın seçmə oyununda (1:3) yenilən Prosineçkinin yetirmələri yeni stadionda ilk qələbə, ən azı ilk bərabərlik üçün mübarizə aparacaq.
Qələbə qazanacağı halda, millimiz 8 aylıq həsrətə son qoyacaq. Xorvatiyalının mart ayına təsadüf edən debütündə Maltanı məğlub edən (2:0) komandamız 6 oyundur qalib gələ bilmir. Bu müddətdə 3 heç-heçə edib, 3 dəfə uduzan futbolçularımız qələbə həsrətinə son qoymaq üçün münasib rəqiblə üz-üzə gəlir.
Belə ki, Moldova yığması da uzun müddətdi qalib gələ bilmir və FİFA reytinqində 154-cü pillədə qərarlaşıb.
Lakin Ştefan Stoykanın çalışdırdığı yığma matça daha optimal heyətlə çıxacaq. Çünki qonaqlardan fərqli, millimiz bir neçə aparıcı oyunçusunun xidmətindən məhrumdu. Yığmamızın kapitanı Rəşad Sadıqov, Almaniya “Karlsrue”sində çıxış edən Dmitri Nazarov komandamıza kömək edə bilməyəcək. İspaniya “Eybar”ının üzvü Eddi İsrafilovla “Qəbələ”li Ruslan Abışov da itki sayıla biləcək oyunçulardandı.
Yoldaşlıq oyunu
17 noyabr
21:00. Azərbaycan – Moldova
Bakı Olimpiya stadionu
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI