Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “Bakı” oyununa təyinat alan Ömər Paşayev mövsümdə ilk dəfə Ağdam təmsilçisinin görüşünü idarə edəcək. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan hissəsində 8 oyunda fit çalan referi liderin matçlarında baş hakim olmamışdı.
İlk dəfə “Qarabağ”la görüşəcək Paşayev “Bakı”nın iki qarşılaşmasında ədaləti qoruyub. II turun “Neftçi” ilə oyununda 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi XVIII turda “Simurq” tərəfindən darmadağın olub – 2:5. Bu matçda referi hər qapıya 1 penalti təyin edib.
Ümumilikdə isə hakim 2-si meydan sahiblərinin, 2-si qonaqların lehinə olmaqla, 4 dəfə 11 metrlik nöqtəni göstərib. Paşayevin yeganə qırmızı vərəqəsi isə səfərdə oynayan komandaya göstərilib. Onun idarə etdiyi 8 matçda 2 heç-heçə qeydə alınıb. Bu oyunlarda meydan sahibləri və qonaqlar eyni sayda – hərəyə 3 qələbə əldə edib.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” qarşılaşması sabah keçiriləcək.