“Azərbaycanla qarşılaşma öncəsi Xorvatiyaya böyük hesabla məğlub olmaq bizi çox sarsıtdı. İndi toparlanmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:3 hesabı ilə uduzan bolqarlar qrupdakı son görüşündə Azərbaycan millisini qəbul edəcəklər.
Petev yerli mətbuata açıqlamasında yığmamızla qarşılaşma öncəsi problemlərindən söz açıb: “Futbolda ən böyük problem motivasiyanın aşağı olmasıdı. Xorvatiya ilə oyundan sonra toparlanmaq üçün çox vaxtımız yoxdu. Amma buna məcburuq. Azərbaycan üzərində qələbə qazanmağı ürəkdən arzulayıram. Məsuliyyətimizi dərk edirik. Sizə söz verirəm ki, seçmə mərhələni qalibiyyətlə başa vurmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.
O, Xorvatiyaya məğlubiyyəti təcrübəsiz futbolçuların çoxluğu ilə əlaqələndirib: “Bizim üçün pis oyun oldu. Heyətdə bir neçə gənc futbolçu çıxış edirdi. Onlara isə zaman lazımdı. Öz taktikamızı dəyişmədik. Lakin buraxılan erkən qol komandanın planlarını pozdu. Vaxtında bərabərlik qolunu vura bilməməyimiz bizi məğlubiyyətə sürüklədi”.
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı sabah Sofiya şəhərində keçiriləcək.