[b]Joze Mourinyo: Sizlərdən biri oyundan qabaq məni kürəyimdən bıçaqladı[/b]
02.06.2015 - 21:02
[b]Joze Mourinyo: Sizlərdən biri oyundan qabaq məni kürəyimdən bıçaqladı[/b]

Madrid “Real”ının keçmiş qapıçısı Yeji Dudek avtobioqrafik kitab yazıb. Apasport.az saytının məlumatına görə, kitabının bir fəslində “Real”dakı karyerasından bəhs edən polşalı qapıçı Joze Mourinyo haqqında da xatirələrini bölüşüb.

 

Keçmiş qapıçının 2011-ci ildə “Barselona” ilə 1:1 hesablı bərabərliklə bitən oyundan sonra soyunub-geyinmə otağında baş verənlər haqqında yazdıqları daha çox diqqət çəkib.

 

Dudek bəhs edilən oyundan sonra Mourinyonun olduqca məyus və əsəbi olduğunu bildirib.

 

Dudekin yazdıqlarına inansaq, oyunçularının üstünə qışqıran Mou, onları satqınlıqda da günahlandırıb:

 

“Görürəm ki, sizin media ilə əlaqələriniz heç də pis deyil. Əlbəttə, mən bilirəm ki, biz jurnalistlərlə mehriban olmalıyıq. Ancaq mən sizin bu qədər yaxın olduğunuzu bilmirdim. Oyuna 4 saat qalmış televizoru açıram və lənətə gəlsin, görürəm ki, bizim start heyəti ekrandadı”.

 

Daha sonra ağlamağa başlayan Mourinyo -  “Bizim aramızda köstəbəklər varkən biz rəqiblərimizi necə təəccübləndirə bilərik? Bəli, bəli, məhz köstəbəklər!!!” -  deyib:

 

“Mən hər vəziyyətdə sizi müdafiə edirəm. Bir general kimi həmişə öndə gedirəm, sizə görə özümü dəfələrlə oda atmışam. Ancaq aranızdan biri bu oyundan əvvəl məni kürəyimdən bıçaqladı”.

 

Onu heç vaxt belə görmədiyini qeyd edən Dudek, daha sonra portuqaliyalı məşqçinin su şüşəsini yerə vurub, qapını çırpıb getdiyini yazıb.