[b]Julien Ebah: Bu, artıq bizdən asılıdı - MÜSAHİBƏ[/b]
04.04.2016 - 13:38
[b]Julien Ebah: Bu, artıq bizdən asılıdı - MÜSAHİBƏ[/b]

“Kəpəz”in kamerunlu hücumçusu Julien Ebahın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXVIII turunda AZAL-a böyük hesabla məğlub olmağınızın səbəbini nədə görürsuz?

- Çox məyusuq. Bu il AZAL-a uduzmamışdıq. Təəssüf ki, həm bu, həm də son oyunlardakı qələbə seriyasını qoruya bilmədik. Görünür, baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirə bilmədik. Çempionat davam edir. Növbəti görüşlər bizim üçün çox vacibdi.  

 

- Buna qədər cari mövsümdə “Kəpəz”i cəmi bir dəfə “Qarabağ” böyük hesabla uduzmuşdu. Meydanda nə baş verdi?

- Bu, futboldu. Çempionatda ikinci dəfə böyük hesabla yenilirik. Oyun ərzində bizim də şanslarımız oldu. Həmin vaxt qol vura bilsəydik, vəziyyət fərqli ola bilərdi. Alınmadı. Peşəkar oyunçularıq. Bu yenilginin təsiri altına düşməməliyik. Baş məşqçimiz bizə fikrini çatdırdı. İndi növbəti oyunlara hazırlaşmalıyıq.

 

- Komandanın qol ümidi sizsiniz və fərqlənmək üçün şansınız da oldu. İstifadə etmənizə nə mane oldu?

- Müəyyən səbəblər oldu. Hücumçu kimi qol vurmaq mənim borcumdu. Amma bəzən daha yaxşı mövqedə yer alan komanda yoldaşıma ötürmə edirəm ki, fərqlənsin. Bəzən qərar verərkən tələsirəm və ya topu saxlamaq çətin olur.

 

- Meydanın örtüyü və havanın küləkli olması öz işini gördü?

- Meydan, həqiqətən də, çox ağır idi. Bu cür örtükdə topu qəbul etmək, saxlamaq, ötürmə vermək çətin olur. Həm də biz Gəncədə təbii örtük üzərində oynayırıq. Qısa vaxt ərzində fərqli örtüyə alışmaq asan olmur. Küləyin sürətli olması böyük problem yaratdı. Ancaq şərait hər iki komanda üçün eyni idi. Bunları dedim, amma bəhanə kimi göstərmək istəmirəm.

 

- Oyun zamanı komanda yoldaşlarınız hakimin qərarlarına tez-tez narazılıq edirdilər. Referinin işini necə qiymətləndirirsiniz?

- Hakimlər haqda danışmaq istəmirəm. Hər kəs meydanda öz işini görür. Hər kəsə hörmətlə yanaşıram. Hakimin verdiyi qərarları müzakirə etmək mənim işim deyil. İş görülən zaman səhvə də yol verilir. Vacib məqam hər kəsin bir-birinin həm şəxsiyyətinə, həm də gördüyü işə hörmətlə yanaşmasıdı.

 

- “Kəpəz”in avrokuboklara qatılmaq üçün yaxşı şansı var. Necə düşünürsüz, bu heyətlə vəzifənizin öhdəsindən gələ biləcəksiz?

- Bu, artıq bizdən asılıdı. İşimizi yaxşı görsək, avrokuboklara yollana biləcəyik. Səhvlərə yol versək, şansımız əldən çıxacaq.

0