Avrokuboklar tarixində ilk dəfə Azərbaycan və Macarıstan klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu duel Avropa Liqasının II təsnifat mərhələsində gerçəkləşəcək.
MTK ilə görüşəcək “Qəbələ” Azərbaycan üçün yeni ölkədən rəqiblə üz-üzə gələcək. Belə ki, 1994-cü ildə avrokuboklarda debüt edən klublarımız indiyədək Macarıstan təmsilçiləri ilə görüşməyib.
Bununla da klublarımızın qarşılaşdığı ölkələr sırasına daha biri əlavə olunacaq. Macarıstan bu siyahıda 45-ci ölkə olacaq.
Belə ki, klublarımız indiyədək 22 il ərzində 43 ölkə təmsilçisi ilə qarşılaşıb. Çempionlar Liqasının gələn həftə keçiriləcək oyununda “Qarabağ”ın sınağa çəkəcəyi “Düdelanj” rəqibimiz olan ilk Lüksemburq klubu kimi tarixə düşəcək. Bir sözlə, Lüksemburq 44-cü rəqib ölkə olacaq. İki gün sonra “Qəbələ” önünə çıxacaq MTK-nın təmsil etdiyi Macarıstan isə 45-ci olacaq.