[b]Kuk, Araz və 11-ci duel[/b]
25.11.2015 - 12:21
[b]Kuk, Araz və 11-ci duel[/b]

Sabah Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” – “Tottenhem” qarşılaşması Azərbaycan və İngiltərə komandaları arasında 11-ci duel olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək iki ölkə təmsilçiləri müxtəlif yarışlarda 10 dəfə qarşılaşıb.

 

İlk belə sınaq U-21-lərin duelində baş tutub. AVRO-2006-nın seçmə mərhələsinin 2004-cü ildəki qarşılaşmasında Vaqif Sadıqovun baş məşqçisi olduğu yığmamız qolsuz heç-heçə ilə kifayətlənib. Həmin matç təmsilçilərimizin ingiltərəlilərə uduzmadığı yeganə qarşılaşmadı.

 

21 yaşadək futbolçulardan ibarət komandamız İngiltərə yığmasına həmin tsikldə 0:2, AVRO-2013-də isə 0:6 və 0:2 hesabı ilə uduzub.

 

Ölkəmizin əsas yığması isə AVRO-2006-da iki dəfə futbolun yaradıcılarına yenilib – 0:1, 0:2. U-17 millimiz 2007-ci ildə 0:1, 2 il sonra isə 0:4 hesabı ilə məğlub olubsa, U-19 bu ilin martında minimal hesabla uduzub.

 

Ümumiyyətlə yığmalar səviyyəsindəki 9 görüşdə İngiltərə millilərinə qol vura bilməyən futbolçularımız 1 heç-heçə edib, 8 dəfə uduzub. Qapıçılarımız bu görüşlərdə 19 top buraxıb.

 

Təmsilçilərimizin yubiley – 10-cu, klub səviyyəsində ilk dueli isə 2 ay əvvəl baş tutub. İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan “Qarabağ” ilk qolumuzu vursa da, ardıcıl məğlubiyyətlərə son qoya bilməyib.

 

Qeyd edək ki, Azərbaycan və İngiltərə futbolçularının bir ölkədən digərinə keçməsi də nadir hadisədi. “Dumanlı Albion”a gedən Araz Abdullayev “Everton”la müqavilə bağlasa da, gününü icarələrdə keçirib və Britaniyada debüt edə bilməyib. Düzdü, Araza qədər də İngiltərə klubuna keçən həmyerlilərimiz olub. Lakin onlar yüksək səviyyədə oynamayıb. Məsələn, təxminən 10 il əvvəl qapıçı Fərhad Əfəndiyev bu ölkənin 3-cü divizionunun klubuna keçmişdi. Ölkəmizə gələn yeganə ingiltərəli Terri Kuk isə “Qəbələ”nin formasını geyinib.