“Çelsi” klubu və Frenk Lempard oyunçunun iyunun sonunda bitən müqaviləsinin yenilənməsi ilə bağlı razılığa gələ bilməyiblər. Apasport.az saytının məlumatına görə, bundan sonra futbolçu komandanı tərk etdiyini elan edib.
Lempard bəyanatında gələcək karyerasından asılı olmayaraq, londonlu azarkeşlərin yanında olacağını, “Çelsi”nin isə həmişə qəlbində qalacağını bildirib: “Ümid edirəm ki, tezliklə azarkeşləri görəcəyəm və onlarla layiq olduqları şəkildə vidalaşacağam. Xatirələrə görə çox sağ olun və tarix yazmaqda davam edin”.
Frenk Lempard “Çelsi”nin tərkibində 13 mövsüm oynayıb. O, ümumilikdə komandanın heyətində 648 oyun keçirib və 211 qol vuraraq klub tarixinin ən yaxşı bombardiri olub. Futbolçu “Çelsi” ilə bir yerdə 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə İngiltərə kubokunu qazanıb, eləcə də Çempionlar Liqasında və Avropa Liqasında qalib gəlib.
Qeyd edək ki, Lempardın da David Vilya kimi 2015-ci ilin yazından etibarən “Nyu-York Siti”də oynayacağı gözlənilir.