[b]Levandovski 2-ci pillədə, Ndlovu kənarda[/b]
07.11.2017 - 09:50
[b]Levandovski 2-ci pillədə, Ndlovu kənarda[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin başa çatan 10 ayı üçün ən yaxşı bombardirlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda 8 və daha çox qol vuranlar yer alıblar.

 

Milli komandanın heyətində və qitə miqyaslı klub turnirlərində 35 oyunçu bunu bacarıb. Portuqaliya yığması və İspaniya “Real”ının hücumçusu Kriştianu Ronaldo bir neçə aydı ələ keçirdiyi zirvədəki mövqeyini qoruyub. 26 dəfə fərqlənən hücumçu millidə 11, klubunda 15 qola sevinib.

 

2-ci sırada isə dəyişiklik baş verib. Polşalı Robert Levandovski qol sayını 13-ə çatdırıb. Millidə 9, Almaniya “Bavariya”sında 4 dəfə qol vuran hücumçu ilk “üçlüy”ə daxil olub.

 

İngiltərə yığmasında 7, “Tottenhem”də 5 dəfə fərqlənən Hari Keyn 3-cü pillədəki mövqeyini qoruyub. O, 12 qol vuran digər futbolçuları millidəki top sayında geridə qoyub.

 

Ötən ay 2-ci olan KXDR millisinin və “Aprel 25”in üzvü Kim Yu Sonq isə “üçlüy”ü tərk edib.

 

Qeyd edək ki, İFFHS-in cədvəlində Azərbaycan təmsilçisi yoxdu. Ən məhsuldar oyunçumuz “Qarabağ”ın CAR-dan olan legioneri Dino Ndlovu Çempionlar Liqasında təmsilçimizin heyətində 4 dəfə rəqib qapısından keçirib.