[b]Yoahim Löv püşkü dəyərləndirib, yığmamızın adını çəkmədi[/b]
27.07.2015 - 09:20
[b]Yoahim Löv püşkü dəyərləndirib, yığmamızın adını çəkmədi[/b]

“Məlum məsələdi ki, qrupun favoriti bizik. Dünya çempionu kimi yer aldığımız qrupun birincisi olmaq arzusundayıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

DÇ-2018-nin seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparacaq Bundestimin çalışdırıcısı iddialı danışıb.

 

O bildirib ki, favorit olsalar da, bütün görüşlərə ciddi yanaşacaqlar: “Çexiya, Norveç və Şimali İrlandiya yığmaları çox iddialı komandalardı və son illər yaxşı nəticələr əldə ediblər. Bu onu göstərir ki, onlara qarşı ehtiyatlı oynamalıyıq. Qrupdakı digər komandaları da hesabdan silmək olmaz. Bəli, biz favoritik, ancaq bu, əsas vermir ki, rəqiblərə qeyri-ciddi yanaşaq”.

 

Qeyd edək ki, Almaniya ilə yanaşı millimizin də yer aldığı C qrupunda həmçinin Çexiya, Şimali İrlandiya, Norveç və San Marino komandaları da çıxış edəcək.