[b]Maksim Medvedev: Onları “sudurqa” tuturdu - MÜSAHİBƏ[/b]
26.05.2016 - 10:00
[b]Maksim Medvedev: Onları “sudurqa” tuturdu - MÜSAHİBƏ[/b]

Azərbaycan kubokunun final oyununda qələbə qazanan və mövsümü yenə “qızıl dubl”la başa vuran “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

 

- Hadisələrin bu cür davam edəcəyini gözləyirdinizmi?

- Biz bütün variantlara hazır idik. “Neftçi” 5 müdafiəçi ilə oynayırdı. Komanda yaxşı müdafiə olundu. Meydanda “nömrə 1” biz idik. Çalışdıq erkən qol vuraq. Amma real epizodları qaçırdıq, nəticədə işimizi çətinləşdirdik. Açığı, artıq penaltilər seriyasına hazırlaşırdıq. Lakin son saniyələrdə Migelin qolu yerinə düşdü.

 

- Sonuncu dəfə 120 dəqiqə mübarizə apardığınız yadınızdadı?

- İstək var idi. Amma əlavə vaxtda ayaqlar şişməyə başladı, əsasən də gənc futbolçularda “sudurqa” tuturdu.

 

- Startda hesabı açmağınıza həm də bəxt amili mane oldu. Sonra sanki rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdiniz. “Beşli” müdafiəni yarmaq bu qədər çətin idi?

- “Qarabağ” çox ötürmə verməyi sevən komandadı. Oyun ərzində biz də yoruluruq və elə anlar oldu ki, heç topu saxlaya bilmirdik. Hücum etməyimiz o demək deyil ki, biz yorulmuruq. Çətin oldu.

 

- Ardıcıl ikinci mövsümü 2 kubokla başa vurdunuz. Hədəflər böyüyürmü?

- Təbii ki, böyüyür. İndi bizim üçün vacib olan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Ciddi hazırlaşmalı və yaxşı nəticə qazanmalıyıq. Əlbəttə, oyunumuzla azarkeşləri də tribunalara cəlb etməliyik. İrəli getmək üçün əlimizdən gələni edəcəyik.

 

- Dərhal Avstriyaya - millinin düşərgəsinə yollanırsız. Milliyə kömək edə biləcəksinizmi?

- Çox güman birinci oyunda meydana çıxmayacağıq. Ancaq ikinci və üçüncü oyunlarda meydana çıxmağa, 90 dəqiqə oynamağa hazır olacağıq. Milli komandanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik.

 

- Yenə istirahət üçün vaxtınız demək olar, olmayacaq. Bu çempionatın gedişində təsirini göstərəcəkmi?

- Artıq buna öyrəşmişik. Baş məşqçi hazırlıq planını elə qurur ki, gücümüz mövsümün sonuna qədər çatsın. Həm də yəqin ki, bizə dincəlmək üçün bir qədər əlavə vaxt veriləcək.

 

- Mövsüm başa çatdı. Yaddaqalan və xatırlamaq istəmədiyin hansı hadisələr oldu?

- “Rəvan”la oyunu heç cür xatırlamaq istəmirəm. Yaxşı gəlirdik, qələbə sayına görə rekorda gedirdik. Bunu mümkün qədər davam etdirməli idik. Yaddaqalan isə 10 oyunluq qələbə seriyası oldu.

 

- Bir də sona yaxın meydanda gərginlik var idi. Finalın acı sonluqla bitəcəyi an məsələsi idi. Hadisələr niyə bu qədər gərginləşdi?

- “Neftçi” uduzurdu və onlar üçün hər şey əldən gedirdi. Komanda hücum futbolu oynamırdı, müdafiəyə çəkilmişdi. Ramosu isə hamımız tanıyırıq. Bilirik ki, o, təxribat yaradan futbolçudu. Qeyri-peşəkar hərəkətlərə yer yox idi. Biz çalışırdıq ki, sakitlik olsun, oyun tez başa çatsın və mükafatımıza sahib çıxaq.

 

0