[b]Maksim Medvedev: Son nöqtəni qoymaqda çətinlik çəkdik[/b]
19.09.2014 - 11:37
[b]Maksim Medvedev: Son nöqtəni qoymaqda çətinlik çəkdik[/b]

“Sent-Etyen”ə qarşı istədiyimiz oyunu göstərə bildik. Həm top saxladıq, həm də qol epizodları yaratdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

 

Avroliqanın qrup mərhələsinin ilk oyununda Bakıda Fransanın “Sent-Etyen” klubu ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisinin futbolçusu qarşılaşma haqqında fikirlərini bildirib: “Ən əsas rəqibin hücum xəttini tamamilə bağlamışdıq. Onlar hücum edə bilmirdilər. Komandamız isə bütün mövqelərdə rəqibi üstələdi. Çatışmayan bircə qol idi. Qol vura bilməməyimizə isə fransızların qapıçısı mane oldu. Həqiqətən o, komandasına böyük kömək etdi. Yoxsa, meydandan 3 xalla ayrılacaqdıq. Əgər “Qarabağ” “Sent-Etyen”lə heç-heçə edirsə, bu rəqibin zəif olması anlamına gəlmir. Sadəcə, biz yaxşı oynadıq. Çox güclü futbolçulara malik komandadır. Əsas o idi ki, meydanda adlı-sanlı rəqibdən heç çəkinmədik. Ancaq Çumbinyonun zədələnməsi itkimiz oldu. Onun sıradan çıxması heç yaxşı hal deyildi. Deyəsən, zədəsi ciddidir və bir müddət oynaya bilməyəcək”.

 

Medvedev “Qarabağ”ın qələbə qazana bilməməsini belə izah edib: “Biz qələbə qazana bilərdik. Amma son nöqtəni qoymaqda çətinlik çəkdik. Reynaldonun  yaxşı imkanı oldu. Hamı fikirləşdi ki, artıq qoldu. Amma rəqib qapıçı həmin epizodda da yaxşı oynadı. Hər şey etdik, amma qol vura bilmədik”.