[b]Yubiley rekorda qarışır: Rəşad adaşına çatır[/b]
15.07.2014 - 10:59
[b]Yubiley rekorda qarışır: Rəşad adaşına çatır[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək qarşılaşması Rəşad Sadıqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı klublarımızın heyətində avrokuboklarda ən çox oyun keçirən futbolçu ünvanına şərik çıxacaq.

 

“Valletta” ilə matç 32 yaşlı müdafiəçinin Azərbaycan klublarında 45-ci avrokubok qarşılaşması olacaq. Bununla, o, adaşı Rəşad Sadiqovun rekordunu təkrarlayacaq.

 

Sadıqov cari mövsüm qitə miqyaslı yarışlarda oynamayan “Xəzər Lənkəran”ın yarımmüdafiəçisini qarşıdakı görüşlərdə keçə də biləcək. Yeni rekord isə maltalılarla cavab oyununa təsadüf edəcək.

 

“Qarabağ”ın kapitanı təmsilçilərimizlə oynadığı 44 oyunun 26-nı “Qarabağ”, 18-ni “Neftçi”də keçirib. Rekordçu olan Sadiqov isə “Neftçi”də 26, “Qarabağ”da 19 qarşılaşmada iştirak edib.

 

Sadıqov ümumilikdə avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı futbolçu adını çoxdan qazanıb. Çünki müdafiəçi Türkiyə “Kayserispor”unda da 5 belə oyun keçirib. Futbolçu qitə kuboklarında klublarımızla 44, legioner karyerasında 5 matça çıxıb. Bu isə o deməkdir ki, Rəşad həm də Maltada yubiley qeyd edəcək. “Valletta” ilə görüş onun üçün 50-ci olacaq.