[b]Qurbanovun maaşı çoxdu, yoxsa Prosineçkinin? [/b]
07.03.2018 - 12:42
[b]Qurbanovun maaşı çoxdu, yoxsa Prosineçkinin? [/b]

AFFA-nın baş katibi Elxan Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra media önünə çıxıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə Məmmədov bir sıra məqamlara toxunub.
 

Öncə İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər barədə danışan Məmmədov bildirib ki, gündəlikdə 7 məsələ var idi: “Onlardan birincisi Azərbaycan Futzal Federasiyasının hesabatı idi. Bu yaxınlarda yığmamız Avropa çempionatında çıxış etmişdi. Həm bu barədə məlumat verildi, həm də qarşıdakı turnirlər barədə söhbət oldu. Bu gün Zeynal Zeynalov çimərlik futbolu üzrə yığmamızın baş məşqçisi təyin olundu. Zeynalın əvvəlki təcrübəsi var. O, yeganə futbolçudu ki, bir mövsümdə həm futbol, həm futzal, həm də çimərlik yığmamızda qol vurub. Bəlkə də, bu baxımdan Avropada yeganə futbolçudu. Danışılmış oyunlarla bağlı müzakirələr olundu. UEFA-dan yeni sənədlər daxil olub. İcraiyyə Komitəsinin üzvlərinə təqdim etdik. UEFA-nın İcraiyyə Komitəsinin üzvü də orda iştirak etdi. Növbəti məsələ təqaüd məsələsi idi. 2 nəfərə xüsusi, 4 nəfərə adi təqaüd oldu. Lisenziyalaşdırmada bir üzvlük çatmırdı. Zaur Hacıməhərərrəmovu təklif etdik və təsdiq olundu”.


Baş katib son vaxtlar ətrafında narazılıqlar yaranan Media Komitəsi barədə də danışıb: “İcraiyyə Komitəsi Media Komitəsinin fəaliyyətinin davam etdirməsini istəyir. Bizə tapşırıldı ki, yeni format düşünək. Çünki İcraiyyə Komitəsi düşünür ki, ilk ildəki fəaliyyət uğurlu idi, lakin sonra problemlər yarandı. Çox güman ki, apreldə sizinlə bir daha görüşüb, yeni formatı müzakirə edəcəyik”.


- Bayaq qeyd etdiniz ki, uşaq futbolunda komandaların sayı artıb. Ancaq hesabatda qeyd olunub ki, 8 faiz azalıb...

- Biz uşaq futbolunu iki yerə bölürük. Akademiya və kütləvi futbol. Premyer Liqada iştirak edən klubların sayı azalırsa, avtomatik olaraq, akademiyaların sayı azalır. Ancaq kütləvi futbolda artım var. Əvvəlki illərdə hansısa bölgə, qəsəbə bir komanda ilə təmsil olunurdusa, orda artıq başqa yaş qrupları da yaradılıb.


- Danışılmış oyunlarla bağlı uzun müddətdi söhbət gedir. Bu məsələni birdəfəlik həll etmək olmaz?

- Biz bu məsələni müzakirə etdik. Təbii ki, qərar yoxdu. Amma eyni qaydada davam olsa və təsdiqini tapsa, yeni formatı düşünəcəyik. Bəzi ölkələrin təcrübəsinə baxacağıq. Ola bilər ki, I divizion yarımhəvəskar statusda olsun. Milli komandanın baş məşqçisi ilə də bunu müzakirə etmişdik.


- Çempionatımızda azarkeş sayı da azalıb. Bununla bağlı müzakirə oldumu?

- Azarkeşlərin sayı azalır. Bu da klubların sayından asılıdı. Buna görə də, məsələni qeyd etmişik. Məsələn, Sumqayıt stadionunun tribunaları kifayət qədər böyük deyil. Amma görünən odu ki, tribuna çoxalsa, əlavə 2-3 min azarkeş də gələr. Komandanın nəticəsi yaxşı olduqca, azarkeş də artır. “Kəpəz”dəki azalma da nəticə ilə bağlıdı.  

 

- Klublar Komitəsinin gücü çox azalıb. Bu qurumun iclasında qərara alınan məsələlər adiləşib. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz AFFA olaraq bir platforma yaratmışdıq. Klubların gücü olmalıdı ki, bundan səmərəli istifadə etsinlər. Biz gündəliyi futbol ailəsinin müraciətinə əsasən baxırıq. Klublar Komitəsi hansısa məsələni qaldırırsa, bizim də bunu qaldırmaq borcumuzdu. 8 klub var, onların icraçıları iclaslarda iştirak edirlər. Onlar gündəliyin detalları ilə tanışdılar. Klubların inkişafı məsələsini orda müzakirə edə bilərlər.

 

- Kamran Quliyev Klublar Komitəsinin sədri olarkən qeyd etmişdi ki, ölkə telekanallarında futbola aid məsələlər azalıb. Bunun məsələsi müzakirə olundumu?

- Azərbaycanda iki idman kanalı mövcuddu. Onların da proqramının 50 faizi futbola aiddi. Digər kanal rəhbərləri ilə söhbətimiz olmuşdu. Reytinq vaxtına idmandan kənar mövzular qoyurlar. Bu da bazarın tələbindən asılıdı. Amma 2 kanalın olması gözəl platformadı. Hərdən birinci divizionun, futzalın oyunlarını görürük. Əvvəllər bunları görə bilmirdik, oynayan futbolçuları bilmirdik.


 

- Millimizin baş məşqçisi Qurban Qurbanovun Millətlər Liqası ilə bağlı planları maraqlıdı. Hamının fikri komandamızın bu turnirdəki çıxışıdı. Baş məşqçi ilə bu barədə söhbət oldumu?

- Xeyr. Əvvəlki iclasdan potensial rəqibləri bilirdik. Təbii ki, baş məşqçimizin fikrini öyrəndik. Nəsə tələb etmək düzgün olmaz. Çünki Qurban müəllim işinə təzə başlayıb. Yoldaşlıq oyunlarından sonra bu barədə müzakirələrimiz olacaq. Mart və iyunda oyunlar olacaq. İyunda ola bilsin ki, 3 oyun keçirildi.


 

- Qurban Qurbanovun əməkhaqqısı Prosineçkidən çoxdu, yoxsa az?

- Məxfiliyi qorumaq sözü vermişik. Bu suala cavab verə bilmərəm.