Topaz Premyer Liqasının XXXIV turunda “Qarabağ” - “İnter” görüşünü idarə edəcək Orxan Məmmədov mövsümdə 21-ci çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, onun fit çaldığı görüşlərdə 11 dəfə meydan sahibləri, 6 dəfə qonaqlar qalib gəlib. Digər 3 qarşılaşma isə heç-heçə başa çatıb.
Məmmədov bu matçlarda qonaqları 4 penalti və 5 qırmızı vərəqə ilə cəzalandırıb.
Meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyən referi onları 1 dəfə 10 nəfərlə oynamağa məcbur edib.
“Qarabağ”la yolları 2 dəfə kəsişən Məmmədov çempionatın lideri üçün o qədər də uğurlu sayılmır. Onun idarə etdiyi hər iki görüşdə qol buraxan Ağdam təmsilçisi XXI turda AZAL-ı məğlub etsə də (2:1), XXXI turda “Simurq”a uduzub – 0:1.
“İnter” isə Məmmədovun idarə etdiyi qarşılaşmalarda uğurla çıxış edib. Bu hakim “bankirlər”in 6 matçında ədaləti qoruyub. Həmin matçlarda 5 qələbə qazanan bakılılar yalnız 1 dəfə heç-heçə edib. Həm də Məmmədov yalnız 1 dəfə “İnter”in qol buraxmasını görüb.