“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini heyətinə qatıb.
“Transfer pəncərəsi”nin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına cəlb edən şimal təmsilçisi Meza Kolli ilə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən 27 yaşlı legioner Bakı “İnter”inin formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub.
İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008: icarə əsasında), “Yannina” (2008-2009: icarə əsasında), “Messiniakos” (2009-2010: icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.