“Millimizin “Şaxtyor”la keçirəcəyi yoxlama görüşü televiziya vasitəsilə canlı yayımlanmayacaq”. Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu məlumat verib.
Sabah Antalyaya təlim-məşq toplanışına yollanacaq yığmamız bir həftəlik hazırlıq dönəmində Ukrayna klubu “Şaxtyor”la yoxlama görüşündə üz-üzə gələcək. Nərimanoğlunun sözlərinə görə, azarkeşlər həmin görüşü yalnız internet vasitəsilə izləyə biləcəklər: “Bilirsiniz, hər iki komanda xaricdən ora gedəcək. Komandalardan biri ev sahibi olanda danışıq aparıb, yayımı almaq mümkün olur. Amma indi orda ev sahibi yoxdu. Xaricə çəkiliş göndərmək də müşkül məsələdi. Bunun üçün PTS getməlidi. “Şaxtyor”la qarşılaşma yalnız AFFA-nın rəsmi internet saytı vasitəsilə canlı yayımlanacaq. Bununla bağlı texniki məsələləri həll edirik”.
Qeyd edək ki, yığmamızın “Şaxtyor”la oyunu fevralın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Rəvan ƏKBƏR