Türkiyənin Ərzurum bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” düşərgəyə yeni qoşulan yarımmüdafiəçi Fernando Qabriellə anlaşmaq fikrindədi. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu tibbi müayinədən uğurla keçəcəyi təqdirdə, onunla il yarımlıq müqavilə bağlanacaq.
Klubdan həmçinin bildirilib ki, yaxın günlərdə komandaya yeni qapıçı da qoşula bilər. Belə ki, Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov menecerlər tərəfindən “Xəzər Lənkəran”a təklif olunub. Lakin onun haqqında qərar qarşıdakı günlərdə veriləcək.
“Xəzər Lənkəran”a keçə biləcəyimlə bağlı xəbəri ilk dəfə sizdən eşidirəm”. Bu sözləri isə apasport.az saytına açıqlamasında Stoyanov deyib.
Təcrübəli çərçivə qoruyucusu hələlik hansı klubda oynayacağını məlum olmadığını və qarşıdakı günlərdə buna aydınlıq gələcəyini söyləyib. O bildirib ki, “Xəzər Lənkəran” haqqında məlumatı var və təklif gələrsə, danışıqlara başlamağa hazırdır: “Bu klub haqqında bilirəm. Orada Radomir Todorov və İvan Svetkov oynayıb. Onların “Xəzər Lənkəran”da uzun müddət top qovduğundan xəbərim var. Ona görə də yaxşı komanda olduğunu düşünürəm. Əgər təklif gələrsə, dəyərləndirib danışa bilərik. Amma indiki halda, bu barədə məlumatsızam. Əgər menecerim o klubla danışırsa da, bu haqda mənə deməyib. Qarşıdakı günlərdə nə olacağını görəcəyik”.
Elsevər MƏMMƏDOV