“Ukraynada missiyamı tamamladım. Burada işlərim yaxşı getmir. Gələn mövsüm hansı liqada oynayacağımız belə bəlli deyil. Bu mövsüm Ukraynada “Dnepr”i çempion etmək istəyirlər. Ukraynada xallar eyni olarkən, komandalar arasındakı oyunların nəticələrinə və ya top fərqinə fikir verilmir. Əgər xalla bərabər olarsa, final görüşü keçirilir. Biz ora qədər getməyə belə qoymaq istəmirlər. Artıq rəhbərlikdən icazə alıb klubdan getməyin zamanıdır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku deyib.
Tanınmış rumıniyalı mütəxəssis bildirib ki, yenidən Türkiyədə işləmək ehtimalı var: “Türkiyəyə qayıda bilərəm. “Qalatasaray”ın prezidenti Ünal Aysalla münasibətlərim var. Arada söhbət edirik. Amma onu deyə bilərəm ki, bu komandadan təklif almamışam. Peşəkar məşqçiyəm və İstanbul klubunda çox hörmət etdiyim Roberto Mançini işləyir. Mətbuatın gündəminə çox gəlib, görüntü yaratmaq istəmirəm. Belə bir düşüncəm də yoxdur. Amma həmişə demişəm ki, mənim “Qalatasaray”la özəl bağlılığım var. Futbolda hər şey ola bilər”.