Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frankfurtlular doğma meydanda “Hoffenhaym”lı həmyaşıdları ilə qarşılaşıblar. Turnir cədvəlinin lideri ilə görüşdə qalib müəyyənləşməyib – 0:0.
Hər iki oyunçumuz matça start heyətində başlayıblar. Renat matçın sonuna kimi meydanda olubsa, Murad ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, bir oyun əskik keçirən və 13 matçdan sonra aktivində 16 xal olan “Ayntraxt” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.