PSJ-nin superulduzu Neymar dünya çempionatını buraxa bilər. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, braziliyalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdə iştirak etsə, karyerasını təhlükə altına atacaq.
Bildirilir ki, "Marsel"lə çempionat oyununda zədələnən və sonradan ayağında qırıq aşkarlanan 26 yaşlı hücumçu 6 həftədən tez yaşıl meydanlara dönə bilməz. Əks təqdirdə, onun zədəsi daha da ağırlaşacaq və futbolçu yayda Rusiyada təşkil ediləcək dünya çempionatında Braziliya millisindən kənarda qala bilər.
Futbolçunun menecerliyini edən atası da mətbuata açıqlaması zamanı PSJ rəhbərliyinə xəbərdarlıq edib. O, oğlunun təyin edilən vaxta qədər dönüşünün mümkünsüz olduğunu söyləyib: "PSJ rəhbərliyi onun ən azı 6 həftə oynaya bilməyəcəyini yaxşı bilir. Çünki belə zədənin müalicəsi 6-8 həftə çəkir. Braziliya yığmasının həkimi də vəziyyətə baxacaq və bundan sonra əməliyyatla bağlı qərar veriləcək. Ancaq əməliyyat olsa da, olmasa da, Neymarın komandaya dönmək tarixi dəyişməyəcək. "Real"la görüşün PSJ üçün nə dərəcədə vacib olduğunu başa düşürük. Ancaq oğlumun karyerasına da zərbə vura bilmərik".
PSJ-nin baş məşqçisi Unay Emeri isə bir neçə gün əvvəl Neymarın "Real"la martın 6-da keçiriləcək cavab qarşılaşmasında oynamaq şansının olduğunu açıqlamışdı.
Qeyd edək ki, Madriddə baş tutan ilk oyunda PSJ "Real"a 1:3 hesabı ilə məğlub olub.