“Türkiyədə I dəstə təmsilçisi “Girəsunspor”a keçidim üçün bütün detalları razılaşdırmışdıq. O komandaya keçidim baş tuta bilərdi. Türk klubu transferim qarşılığında “Rəvan”a 10 min dollar ödəməyə hazır olduqlarını bildirdilər. Amma “Rəvan” rəhbərliyi 20 min dollar istədi. Nə qədər danışsaq da, aşağı məbləğə razı olmadılar. Məni məhv etdilər, futbolda uzaqlaşmağıma səbəb oldular. Artıq “Girəsunspor” yeni qapıçı alıb”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın qapıçısı Kamal Bayramov deyib.
“Rəvan”ın Topaz Premyer Liqasında mövqeyini itirməsindən sonra Türkiyə I dəstə təmsilçisi “Girəsunspor”a keçmək şansı olan 28 yaşlı qolkiper keçidinin baş tutmamağında klub rəhbərliyini günahlandırıb.
O bildirib ki, bütün bu olanlardan sonra karyerasını bitirmək istəyir: “Karyeramı bitirəcəyəm. Artıq bütün klublar qapıçı aldılar. Mən pis vəziyyətdə qaldım. Transfer vərəqəsini də istəmirəm. Özümə iş axtarmağa gedirəm. “Rəvan” rəhbərliyi adamı futboldan iyrəndirir. Mən getməklə ölkədə idmançı tükənməyəcək, amma mənim canım bu iyrənclikdən qurtaracaq. Belə adamlar futbolumuza zərbə vurur. “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev məni məhv etdi, futboldan getməyimə səbəb oldu”.
Bayramov artıq klubun sahibi Nuru Əliyevə müraciət etdiyini söyləyib: “Dünən Nuru Əliyevin qəbuluna yazılmışam. Amma oradan da hələlik xəbər yoxdur”.
Qapıçı, həmçinin bildirib ki, 3 aydır klubdan pulunu ala bilmir: “Mənə borcları var. 1400 dollar mükafat almalıyam, 8 min dollar da maaş. 3 aydır klubdan bir qəpik almıram. İstəmirəm ki, mənim pulumu yesinlər. Deyirəm ki, ya pulumu verin, ya da transfer vərəqəmi. Dəfələrlə belə müraciət etdim. Xeyri yoxdu”.