[b]Oğuz Çətindən sərt ittihamlar: Hazırda xaosdu![/b]
16.07.2014 - 12:10
[b]Oğuz Çətindən sərt ittihamlar: Hazırda xaosdu![/b]

“Mustafa Dənizli klub rəhbərliyi ilə görüşdə özünü idman direktoru, mənim isə baş məşqçi olmağımı istədi”. Apasport.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin deyib.

 

Cənub təmsilçisinin “sükanı arxası”na gətirilməsindən danışan türkiyəli mütəxəssis sələfi Mustafa Dənizlinin təklifini məmnuniyyətlə qəbul etdiyini bildirib.

 

“Dənizlinin təklifindən sonra baş məşqçi olmağı böyük məmnuniyyətlə qəbul etdim. O, sonradan klubdan ayrılmağa qərar verdi. 6 ay onunla yaxşı işlər gördük. Mənə yol açmasına görə, Dənizliyə təşəkkür edirəm. Onun Türkiyə futbolunda böyük çəkisi var. Hər kəsə yaxşılıq etməyə çalışan önəmli futbol adamıdı. Mənə dəstək verməsi çox önəmli amil idi. “Xəzər Lənkəran”ın baş məşqçisi olmağım Mustafa Dənizlinin sayəsindədi” – deyə, Çətin bildirib.

 

Türkiyə futboluna rəhbərlik edənləri tənqid atəşinə tutan Oğuz bəyin fikrincə, onlar bu sahəni bilmirlər: “Çünki onlar vəzifəyə futboldan gəlməyiblər. Ona görə də hazırda bu sahədə xaos hökm sürür. Mustafa Dənizli kimi insanlar ölkə futbolundan kənarda qalıb. Bunu dəyişdirmək lazımdı. Heç bir uğurları olmayan insanlar isə işləyirlər. Bəziləri üçün şəxsi mənfəətləri daha üstündü”.

 

Vaxtilə milli komandada çalışan Çətin "Əl-Cəzirə"yə müsahibəsində Fatih Terimlə Mustafa Dənizlini müqayisə edib: “Müxtəlif xarakterlərə malik insanlardı. 2005-ci ildə yığmada çalışanda  bir hədəfim vardı: Terimdən sonra millinin baş məşqçisi olmaq istəyirdim. Amma Terim getdikdən sonra Qus Hiddink gəldi. Elə onunla da çalışmağımın səbəbi eyni idi. Yığmamızın baş məşqçisi olmaq üçün. Çünki artıq təcrübəm var idi. 80 dəfə millimizlə məşqçi kimi oyunlara çıxdım. Amma heç biri dəyərləndirilmədi. Ölkə futbolunun başında olanlar buna diqqət etməlidi”.