[b]PAOK-un prezidenti özündən çıxdı[/b]
24.11.2015 - 16:03
[b]PAOK-un prezidenti özündən çıxdı[/b]

“Qəbələ” ilə oyunöncəsi PAOK-un düşərgəsində ab-hava elə də yüksək deyil. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, ardıcıl uğursuz nəticələr klub rəhbərliyinin də səbr kasasını daşırıb.

 

Super Liqanın son 3 turunda qələbə qazana bilməyən Saloniki təmsilçisinin XI turda “Panetolikos”la evdə heç-heçə (0:0) etməsi prezident Yakovos Angelidesi özündən çıxarıb.

 

İdman direktoru Frank Arnesenlə birlikdə komanda ilə görüşən Angelides futbolçulara narazılığını bildirib. O, hətta komandaya xəbərdarlıq da edib. Bununla bağlı prezident yerli mətbuata qısa açıqlama da verib: “Uğursuzluğa səbəb axtarmaq lazım deyil. Çünki bu, bəhanədən başqa bir şey olmaz. Hər kəs məsuliyyəti dərk etməli və bundan sonrakı oyunlara daha ciddi yanaşmalıdı. Nə Avropa Liqasında, nə də ölkə çempionatında şansımızı itirmişik. Komanda gec olmamış özünə gəlməlidi”.

 

Qeyd edək ki, PAOK - “Qəbələ” oyunu noyabrın 26-da “Tumba” stadionunda keçiriləcək. Saloniki təmsilçisi daxili birincilikdə 11 turdan sonra VI pillədə qərarlaşıb.