[b]Per-Matias Hoqmo: Bizi yenə Bakı səfəri gözləyir[/b]
17.11.2015 - 17:20
[b]Per-Matias Hoqmo: Bizi yenə Bakı səfəri gözləyir[/b]

“Avropa çempionatı ilə müqayisədə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq daha çətindi. Odu ki, bizi uzun yol gözləyir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

 

Avro-2016-nın pley-off mərhələsində Macarıstanla bacarmayan norveçlilər ümidlərini DÇ-2018-ə dikiblər.

 

Komandanın baş məşqçisi Hoqmo isə dünya çempionatının seçmə mərhələsində işlərinin daha çətin olacağını etiraf edib: “Mən bu sahədə yeni deyiləm. Odu ki, bizi çətin yolun gözlədiyini bilirəm. Avropa çempionatı ilə müqayisədə, dünya çempionatının seçmə mərhələsində yalnız birinci yeri tutanlar mundiala birbaşa vəsiqə əldə edirlər. İkinci yerin sahibləri isə pley-offda qüvvələrini sınayırlar və qalib gələnlər turnirdə iştirak etmək hüququ qazanırlar”.

 

Norveç yığması Avro-2016-nın seçmə mərhələsində olduğu kimi, DÇ-2018-in təsnifat mərhələsində də millimizə rəqib olacaq.

 

Qrupdakı rəqibləri dəyərləndirən Hoqmo bunları əlavə edib: “Almaniya, Çexiya, Şimali İrlandiya, Azərbaycan və San-Marino yığmaları ilə üz-üzə gələcəyik. Almaniya millisinin gücü hər kəsə bəllidi. Onlar və Çexiya ilə görüşdə işimiz daha çətin olacaq. San-Marino, Şimali İrlandiya və Azərbaycan yığmaları da sona qədər mübarizə aparacaqlar. Bizi yenə Bakı səfəri gözləyir. Seçmə mərhələnin əvvəlində bütün komandaların şansları eyni olur”.

 

Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsindəki ilk görüşünü gələn il, sentyabrın 4-də öz meydanında Almaniyaya qarşı keçirəcək.