[b]Pizarronun qeyri-adi rekordu və bizimkilər[/b]
09.03.2018 - 12:01
[b]Pizarronun qeyri-adi rekordu və bizimkilər[/b]

Ötən həftəsonu Klaudio Pizarronun qeyri-adi rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 39 yaşlı perulu hücumçu Bundesliqada ardıcıl 20-ci ildə də qol sevinci yaşayıb.

 

“Köln”ün legioneri 2018-ci ildəki ilk qolunu “Ştutqart”ın qapısından keçirib. 1999/2000 mövsümündən Almaniyada çıxış edən Pizarro “Verder”, “Bavariya” və “Köln”də keçirdiyi müddətdə hər il ən azı 1 dəfə fərqlənib.

 

Lakin cənubi amerikalının ardıcıl 20 il qol vurması ardıcıl 20 mövsüm fərqlənməsi demək deyil. 2007/08 mövsümünü Bundesliqadan kənarda – “Çelsi”də keçirən hücumçu 2014/15 mövsümünü də qolsuz bitirib. Maraqlıdı, görəsən Azərbaycanda hər mövsümdə qol vuran oyunçular kimdi?

 

İllər üzrə deyil, ardıcıl mövsümlər üzrə rekordçularımızın, bir sözlə “qol maşınları”mızın kimliyinə araşdırma sayəsində aydınlıq gətirdik.

 

Kərimov hamıdan öndə

İlk növbədə ən çox mövsümdə qol vuran futbolçunun kimliyi maraq doğurur. Bu göstəricidə Azərbaycan çempionatlarının mütləq rekordçusu Kənan Kərimovdu. Karyerası ərzində “Avtomobilçi”, “Pambıqçı” (Bərdə), “Qarabağ”, OİK, “Viləş”, “Kəpəz”, “Şəmkir”, “Turan”, “Karvan” və “Qəbələ”də çıxış edən hücumçu hələ 16 yaşı olduğu 1992-ci il mövsümündən qol sevinci yaşamağa başlayıb. Kərimov ölkə çempionatlarının 17-də rəqib qapısına yol tapıb. “Qarabağ”ın formasını geyindiyi 1996/97 mövsümünü qolsuz bitirən hücumçu həmin çempionatda qol vursaydı, 17 turnirlik rekorda malik olardı. Amma Kənan 2 dəfə meydana çıxdığı həmin yarışda fərqlənə bilməyib.

 

Qurbanovun seriyası və şəriki

Kərimovun başçılıq etdiyi siyahının ilk “üçlüy”ündə Mahmud Qurbanovla İsmayıl Məmmədov da var. Yarımmüdafiəçilər hərəyə 16 mövsümdə qola seviniblər. Qol vurduğu mövsümlərin ardıcıllığındakı rekord da onlara məxsusdu. Əslində, ardıcıl 16 çempionatda meydanı qolsuz tərk etməyən Mahmudun göstəricisi daha çox diqqət çəkir. 1992-ci ildə keçirilən ilk yarışdan hər dəfə ən azı 1 qol vuran professor “Kəpəz”, “Neftçi”, “Şəmkir”, “Xəzər Lənkəran” və “İnter”də bacarığını göstərib. O, ilk dəfə 2008/09 mövsümündə qol vura bilməyib.

İsmayıl da meydana çıxdığı ardıcıl 16 mövsümdə rəqib qapısına yol tapıb. 1993-cü ildə seriyası başlayan yarımmüdafiəçi 2009/10 mövsümünədək qatıldığı bütün çempionatlarda fərqlənib. Lakin 1995/96 mövsümündə İsmayıl və komandası I dəstədə oynayıb. O, “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Neftçi”, “Şəmkir”, OİK, “Qarabağ”, “Karvan”, “İnter” və “Standard”da bu seriyasını gerçəkləşdirib.

 

Əhmədovun rekordu

Həm Kənanın, həm də Mahmudla İsmayılın Premyer Liqa karyerasında qol vurmadığı mövsümlər olub. Amma Azərbaycan çempionatlarında elə oyunçular da var ki, çıxış etdiyi hər mövsümdə rəqib qapısına yol tapıb. Lakin bu futbolçular həmin “üçlük”lə müqayisədə daha az turnirdə fərqlənib. Belələri arasında rekord Rövşən Əhmədova məxsusdu. 1992-2005-ci illərdə 13 çempionatda iştirak edən futbolçu hər mövsümdə qol vurub. Sonrakı illərdə Rövşən I dəstədə də qolçuluq bacarığını göstərib. Legioner həyatı yaşadığından Premyer Liqada çoxsaylı fasilələrlə çıxış edən Qurban Qurbanov, “Viləş”in rəmzi sayılan Alay Bəhramov da oynadıqları bütün çempionatlarda qol vurub. Onlar yarışda hərəyə 11 mövsüm keçiriblər. Ölkə çempionatları tarixinin ən məhsuldar oyunçusu Nazim Əliyev 183 qolu 9 mövsümdə vurub. O da qatıldığı bütün çempionatlarda fərqlənib. Lakin ilk yarışın keçirildiyi vaxt 29 yaşı olan forvard karyerasının gənclik illəri SSRİ dövrünə təsadüf etdiyindən daha böyük göstəricilərə imza ata bilməyib.