[b]Poçettino “Qarabağ”la oyundan öncə: Vəziyyət məni güldürür[/b]
24.11.2015 - 15:34
[b]Poçettino “Qarabağ”la oyundan öncə: Vəziyyət məni güldürür[/b]

“Yaranmış vəziyyət məni güldürür. Üç həftə əvvəl də bu hala düşmüşdük”. Apasport.az saytı “The Guardian”a istinadən xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino deyib.

 

Noyabrın 26-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq londonlular 3 gün sonra “Çelsi” ilə çempionat oyununa çıxacaqlar.

 

“Qarabağ”la matçdan sonra “zadəganlar”la görüşün 16:00-a təyin edilməsi sıx qrafikdə oyunlar keçirən “Tottenhem”in argentinalı çalışdırıcısını narazı salıb.

 

Yetirmələrinin istirahət üçün az vaxtlarının olmasından gileylənən Poçettino çətin vəziyyətlə üzləşdiklərini bildirib: “Qarabağ”la oynamaq üçün Bakıya yollanacağıq və bizi 6 saatlıq səfər gözləyir. Azərbaycanı matçdan dərhal sonra tərk etməli, yoxsa səhər vətənə qayıtmalı olduğumuzla bağlı qərar qəbul etməliyik. Halbuki, qərar vermək çox çətindi, çünki hər ikisi pis variantdı. Ola bilsin, matç başa çatan kimi qayıdaq və cümə günü futbolçulara istirahət verək”.

 

Poçettino bildirib ki, mövcud problemlə üzləşmələri televiziya yayımı ilə bağlıdı: “Bu problem yeni deyil və bilirəm ki, digər klublar da buna qarşı mübarizə aparırlar. Hər şey televiziya yayımına hesablanıb. Qəbul etmək çətin olsa da, bununla barışmalıyıq, çünki futbol biznesdi. Ancaq bu faktdı ki, istirahət üçün az imkanımızın olması rəqibin üstünlüyünü artırır”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” matçı 22:00-da start götürəcək.