[b]Poçettino Bakıya qələbə üçün gəlir: Arxayınlaşmaq olmaz[/b]
23.11.2015 - 10:12
[b]Poçettino Bakıya qələbə üçün gəlir:  Arxayınlaşmaq olmaz[/b]

“Komandanın son vaxtlardakı çıxışından tam razıyam. Futbolçular hazırda yaxşı formadadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan London təmsilçisi İngiltərə çempionatının XIV turunda “Vest Hem”ə 4:1 hesabı qalib gəlib.

 

Matçdan sonra mətbuat konfransı keçirən argentinalı çalışdırıcı əvvəlcə qələbəni şərh edib: “Vest Hem”lə matçda əsl şou göstərdik. Komandamla fəxr edirəm. Əsas odu ki, tətbiq etdiyim oyun fəlsəfəsi üzrə oynayırıq və futbolçularda özünəinam var. Bu qələbə növbəti matçöncəsi irəliyə atılmış böyük addımdı”.

 

Poçettinonun sözlərinə görə, “Vest Hem” üzərindəki qələbə “Qarabağ”la oyunöncəsi onlarla arxayınlaşma yaratmamalıdı: “Mövsüm ərzində ən yaxşı oyunlarımızdan birini keçirdik. Möhtəşəm oyun alındı. Ancaq arxayınlaşmaq olmaz. Qarşıdakı görüş yeni çağırışdı. Növbəti matçımızı Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəyik. Bizim məqsədimiz hər oyunda qələbə qazanmaqdı. Gənc kollektivə sahibik, daha çox işləməliyik. Amma ilk növbədə, hazırkı oyun mentalitetini qoruyub saxlamalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” qarşılaşması noyabrın 26-da, Bakıda keçiriləcək.