“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi
- Oyunu tam izləyə bilmədik, yüklənmə çox olduğundan yayım “donurdu”. Ona görə də, matçın təhlilini sizin dilinizdən eşidək...
- İlk dəqiqlərdən üzərimizdə təzyiq hiss edirdik, 1-2 epizodda təhlükəli anlar yaratdılar. Rəqib işin ciddiliyini bilirdi, istəyirdi ki, fasiləyə qədər qol vursun. Biz də birinci hissədə qapımızı toxunulmaz saxlaya bildik. Bu, turu keçməyimizdə əsas amil oldu. Azarkeşlərin, məşqçilərinin aqressivliyi hiss olunurdu. Meydanla bağlı da müəyyən problemlər yaratmağa çalışdılar – qazon suvarılmamışdı, ot kəsilməmişdi. Mərhələ keçmək üçün hər şey etmişdilər.
- “Qarabağ” nəyi dəyişdi ki, Bakıda edə bilmədiyini rəqib meydanında reallaşdırdı?
- Bakıda qol vurmaq istəyirdik. Səfərdə isə qapımızı toxunulmaz saxlamağa çalışdıq. Əvvəldən qol buraxsaydıq, rəqib azarkeşlər qarşısında çətin anlar yaşaya bilərdik. Fikirləşirdik ki, “Şerif” hücum etsə, boşluqlar verəcək. Dinonun fərdi keçidi və qolu isə bizi xeyli rahatlaşdırdı. Əsas fərq səfərdə qol buraxmamaq istəyi ilə bağlıdı.
- Bakıdakı görüşdə Yakub Jezniçak, səfərdə isə Maksim Medvedev zədələndi. Müdafiədəki dəyişiklik çətinlik yaratmadı?
- Maksimin zədəsi yorğunluqdan əmələ gəlməmişdi. Təkətək mübarizədən sonra rəqib ayağını tapdaladı və dizindən zədə aldı. Futbolda belə şeylər qaçılmazdı.
- Oyunun ölkəmizdə yayımlanmayacağını bilirdiniz. Bu amil matçdan öncə əhvalınıza təsir etdimi?
- Klubumuz və rəhbərliyimiz hər zaman azarkeşləri düşünüb, onların qəlbini oxşamağa çalışıb. Yəqin bu, “Şerif” rəhbərliyinin xüsusi planlarından biri idi. Fikirləri olsaydı, ortaq məxrəcə gəlmək olardı. Turu keçməyimiz azarkeşlərdəki küskünlüyü aradan qaldırdı.
- Bayaq meydança ilə bağlı bilərəkdən yaradılan problemləri sadaladınız. Moldovalıların başqa hansı aqressiv hərəkətlərini müşahidə etdiniz?
- Təkbətək mübarizələrdə topu itirən zaman çalışırdılar bilərəkdən oyunçularımızı zədələsinlər. Bir neçə epizodda bizi qəsdən vurdular. Maksimin epizodu zamanı da bilərəkdən etdilər. Turun əldən çıxdığını görəndən sonra da bu niyyətlərindən çəkilmədilər, əksinə, artırdılar. Otu isə qəsdən suvarmadılar, kəsmədilər. Belədə oyunun sürəti aşağı olur. Onların bu cür davranışı bizim xeyrimizə oldu. Halbuki Tofiq Bəhramov adına Respublika stadionunda hər şey edilirdi ki, oyun yüksək səviyyədə keçirilsin.
- İlk dəfə ölkəmizdə rəsmi oyunda Çempionlar Liqasının əzəmətli himni səsləndiriləcək. Həmin anı təsəvvür edəndə hansı hissləri keçirirsiniz?
- Futbolda ilk addımlarımı atanda bunu heç vaxt təsəvvür etmirdim. Düşünmürdüm ki, nə vaxtsa hansısa klubun heyətində Çempionlar Liqasının himninin sədaları altında meydana çıxacam. Bunu heç xəyal da etmirdim. Şükürlər olsun, bunu bacardıq. Bura gəlişimiz çox çətinliklə, əsəblə başa gəlib. Artıq Azərbaycan futbolunda yeni səhifə açmışıq. Azarkeşlərimiz stadionda həmin himni dinləyəcəklər. Özümün də ən böyük arzum idi.
- Münəccim deyilsiniz. İntuisiyanız nə deyir: növbəti səhifələri yazmaq mümkün olacaqmı?
- Davamı yeni kitabın yazılması olar. Amma indidən “turu keçəcəyik, qrupda oynayacağıq” deyə bilmərəm. Əlimizdən gələnin edəcəyik.
- Premyer Liqanın yeni mövsümünün püşkü atıldı. Yarışa tarixi derbi ilə start verəcəksiniz. Püşk nə dərəcədə ədalətli oldu?
- Maraqlı oyun olacaq. Bu komandaların dueli hər zaman gərgin keçib. Həm də startı tarixi derbi ilə vermək çempionata marağı artıracaq. “Neftçi” iddiasını ortaya qoyacaq. Ötən mövsümlərdəki uğursuzluqları geridə qoymaq üçün çalışacaqlar. Çempionatın gərginliyini bu oyunla hiss edəcəyik.
- Çempionlar Liqasının pley-off mərhələsi öncəsi bu cür ağır oyun keçirmək mənfi fəsadlar yarada bilərmi?
- Təsirsiz ötüşməyəcək. Ancaq mane olacağına inanmıram. Yaxşı forma yığmağımız üçün bu oyunun köməyi olacaq.