“Mənim adımın “Neftçi” ilə hallandığını bilirəm. Atam da bu yaxınlarda Bakıya getmişdi”. Bunu Qazaxıstanın “Aktobe” klubunun baş məşqçisi Vladimir Qazzayev deyib.
Bu mövsüm Premyer Liqada uğursuz nəticə göstərən “Neftçi”də baş məşqçi Arif Əsədovun taleyi ölkə kubokunun finalından asılıdı. “Qəbələ”nin sabiq çalışdırıcısı Yuri Syomindən sonra indi də Vladimir Qazzayevin adı paytaxt klubu ilə birgə hallanır. Hətta əfsanəvi rusiyalı məşqçi Valeri Qazzayevin oğlu Vladimir Qazzayevi “Neftçi”yə təklif etdiyi barədə məlumat da yayılmışdı.
Lakin “Aktobe”nin çalışdırıcısı bu məlumatı təkzib edib: “Atamın Bakıya səfəri şəxsi işləri ilə bağlı idi. Komandamı tərk etmək barədə heç vaxt düşünməmişəm. İndi yalnız “Aktobe” ilə uğur qazanmaq, azarkeşlərimizi sevindirmək barədə düşünürəm”.
Qeyd edək ki, “Aktobe” hazırda Qazaxıstan çempionatına liderlik edir. Buna baxmayaraq, Qazaxıstan mətbuatı Valeri Qazzayevin oğluna klub axtardığını yazıb.