[b]Qəbələ yeddinci, “İnter”in yeddincisi [/b]
02.07.2014 - 14:57
[b]Qəbələ yeddinci, “İnter”in yeddincisi [/b]

Sabah Azərbaycanın avrokuboklar xəritəsinə yeni məkan əlavə olunacaq. Apasport.az saytının məlumatına görə, ilk dəfə qitə miqyaslı klub turnirinin oyunu Qəbələdə keçiriləcək.

 

“Siftə” eyniadlı komandanın Avropa Liqasındakı debütü ilə üst-üstə düşəcək. Avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq “Qəbələ” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə doğma məkanda qarşılaşacaq.

 

Bunadək avrokubok oyunları ölkəmizin 6 şəhərində keçirilmişdi. Sumqayıt və Bakıdan başqa, Gəncə, Şəmkir, Lənkəran və İmişli də avrokubok həyəcanı yaşamışdı. Qəbələ bu siyahıda 7-ci oldu.

 

I təsnifat mərhələsində çıxış edəcək digər təmsilçimiz “İnter” isə artıq 7-ci dəfə qitə arenasına çıxır. 2004/05 mövsümündə “Xəzər Universiteti” kimi İntertoto kubokuna qatılan bakılılar 2008/09 və 2010/11 mövsümlərində Çempionlar Liqasında qüvvəsini sınayıb. 2009/10, 2012/13 və 2013/14 mövsümlərində isə “bankirlər” Avropa Liqasında mübarizəyə qoşulub.

 

Əvvəlki 6 cəhdindən 4-də mərhələ adlayan “İnter” 2009/10 və 2010/11 mövsümlərində ilk rəqibinə “boyun əyib”. 7-ci mövsüm öncəsi 20 oyunda 8 qələbə, 6 heç-heçə və 6 məğlubiyyəti olan komanda 21 qol vurub, 19-nu buraxıb.