[b]Qəbələdə ilk final: “Qarabağ” “Qızıl dubl”, “Neftçi” təsəlli arzusunda[/b]
02.06.2015 - 08:45
[b]Qəbələdə ilk final: “Qarabağ” “Qızıl dubl”, “Neftçi” təsəlli arzusunda[/b]

Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünə Qəbələdə yekun vurulacaq.

 

XXIII ölkə kubokunun qalibi “Qarabağ” və “Neftçi” arasında görüşdə müəyyənləşəcək. 6 ildən sonra yenidən finala yüksələn Ağdam təmsilçisi ölkə çempionluğuna daha bir titul əlavə etmək iddiasındadı.

 

8-ci dəfə finalda oynayacaq “Qqrabağ” 1993-cü ildə qazandığı ilk və yeganə “Qızıl dubl”u 22 il sonra yenidən təkrarlamaq arzusundadı. Ağdamlılar bunu bacarsa, 4-cü dəfə ölkə kubokuna yiyələnib, “Kəpəz”ə çatacaq.

 

Yalnız “Neftçi” ölkə kubokunda daha çox qalib gəlib. Yarışın 6 qat qalibi 10-cu dəfə finalda qüvvəsini sınayacaq. Son 2 mövsümdə kuboku başı üzərinə qaldıran bakılılar titulunu qorumağa məcburdu.

 

Çünki bu mükafat uğursuz mövsümün yeganə təsəllisi ola bilər. Çempionatın son 7 oyununda qalib gələ bilməyən “ağ-qaralar” ilk “üçlük”dən kənarda qalmasını sabahlı görüşdə unutdurmalıdı.

 

Ardıcıl 4-cü dəfə finalda oynayan ilk klub kimi tarixə düşəcək “Neftçi” 3 il kuboku özündə saxlayan yeganə komanda ola bilər. Kapitanı Flavinyonun yoxluğu bakılıların  lehinə olmayan məqamlardandı.

 

Tarixində 2-ci dəfə finalda üz-üzə gələn komandalar 1996-cı ildə də qarşılaşıb. Həmin vaxt “Neftçi” 3:0 hesablı darmadağına sevinib. “Qarabağ” həmin məğlubiyyətin də qisasını almaq əzmindədi.

 

Həm futbolçu, həm də baş məşqçi kimi ölkə çempionluğunu da, kuboku da qazanan yeganə mütəxəssis Qurban Qurbanov oyunçu kimi “Qızıl dubl” sevincini yaşayıb. O, bunu baş məşqçi kimi də təkrarlamaq arzusundadı. Arif Əsədov isə futbolçu kimi hər iki titulu, baş məşqçi kimi çempionluğu qazansa da, kubokda ilk uğurunun həsrətindədi. 

 

Qeyd edək ki, final ilk dəfə Qəbələdə baş tutacaq. İndiyədək həlledici matçlar yalnız Bakı və Sumqayıtda keçİrilib.

 

Azərbaycan kuboku

Final

20:00. “Qarabağ” – “Neftçi”

Qəbələ. Şəhər stadionu