Meksika millisi qeyri-adi nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, “atsteklər” ardıcıl 6-cı dəfə dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırıblar.
Bu tilsimi sonuncu dəfə 1986-cı ildə, doğma meydanda qıran meksikalılar 1994-cü ildən başlayan seriya zamanı hər dəfə qrupdan çıxsa da, 1/4 finala həsrət qalırlar. Bu dəfə son dəqiqələrdə buraxılan 2 qolla Hollandiyaya “boyun əyən” şimali amerikalıların qənimləri arasında Azərbaycan yığmasının indiki baş məşqçisi Berti Foqts və sabiq yetirmələri də olub.
1998-ci ildə Fransanın Monpelye şəhərindəki 1/8 finalda onun çalışdırdığı Bundestim əzmkar qələbə qazanmışdı. 47-ci dəqiqədə hesabda geri düşən almanlar “atsteklər”i Klinsman və Birhoffun qolları ilə susdurmuşdular. Oxşar ssenari bu dəfə də yaşanıb. İkinci hissənin əvvəlində hesabı açan meksikalılar sonda 2 top buraxıb. Meksikanın bu uğursuz seriyasına həsr olunan yazıda almaniyalı mütəxəssis 16 il əvvəli qısaca yada salıb: “Meksika yığması onda da möhtəşəm idi”.
Qeyd edək ki, həmin qələbə Foqtsun Almaniya yığmasında son uğuru olub. 1/4 finalda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra Bundestimdəki 8 illik fəaliyyəti başa çatıb.