[b]Qış çempionu kim olacaq?[/b]
30.11.2017 - 14:34
[b]Qış çempionu kim olacaq?[/b]

Sabah Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısının son turu 3 gün davam edəcək.

 

Tura Azərbaycan derbisi ilə start veriləcək. Ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ” sonuncuların meydanında üz-üzə gələcək. Qış çempionluğunun bir addımlığında olan Qurban Qurbanovun yetirmələrinə prinsipial rəqiblə matçda 1 xal da kifayətdi. Bərabərlik ehtiyatda bir görüşü olan ağdamlılara 2017-ci ili zirvədə başa vurmaq imkanı verəcək. Tərlan Əhmədovun yetirmələri isə 4-cü pilləni qaytarmaq üçün çempiona uduzmamalıdı.

 

“Neftçi”nin dördüncülük mübarizəsindəki əsas rəqibi “Sumqayıt” turun ikinci günü meydana çıxacaq. Samir Abasovun komandası Premyer Liqanın autsayderi “Kəpəz”in qonağı olacaq. Fasiləyə turnir cədvəlinin ilk yarısında yollanmaq iddiasında olan “Gənclik şəhəri” təmsilçisi səfərdən xalla dönmək niyyətindədi. Qərblilər isə Yunis Hüseynovun rəhbərliyi altında ilk çempionat xalını qazanmağa çalışacaq. Uğursuzluq zolağında olan Gəncə klubu son sıranı tərk etmək üçün qələbəsizlik seriyasına son qoymalıdı.

 

Turun son günündə iki qarşılaşma baş tutacaq. Liderin ən yaxın izləyicisi “Qəbələ” öz meydanında “Keşlə”ni sınağa çəkəcək. Ardıcıl 7 məğlubiyyət alan, adı qalmaqallarda hallanan paytaxt təmsilçisi səfərə sensasiya arzusu ilə çıxıb. Ramiz Məmmədovla ilk xal niyyətində olan “Keşlə” istəyinə çatmasa, sonuncu pilləyə də yuvarlana bilər. Roman Qriqorçukun yetirmələri isə 2-ci pilləni əldən verməməyə, imkan daxilində qış çempionluğu mübarizəsindən qopmamağa çalışacaq. Çünki “Qarabağ” turu xalsız başa vursa, qalib gələn “qırmızı-qaralar” ilin son matçını gözləməli olacaq. Onda qış çempionu təxirə salınmış “Səbail” - “Qarabağ” görüşündən asılı vəziyyətə düşəcək.

 

Tura debütantın matçı ilə yekun vurulacaq. “Səbail” paytaxt derbisində “Zirə”dən xal almağa çalışacaq. İlk “üçlük”də qərarlaşan sonuncular mövqeyini yaxşılaşdırmaq üçün səfərdən xalla dönməlidi. Ayxan Abbasovun yetirmələri liderdən də uzaq düşməmək üçün turu itkisiz keçməlidi. “Səbail” isə dördüncülük mübarizəsindən qopmamaq üçün qalib gəlməlidi. Samir Əliyevin yetirmələri qalib gəlsə, “Sumqayıt” və “Neftçi”yə yaxınlaşmaq imkanı qazanacaq.

 

Azərbaycan Premyer Liqası

XIV tur

1 dekabr (cümə)

 

18:30. “Qarabağ” – “Neftçi”

“Azersun Arena”

 

02 dekabr (şənbə)

 

14:00. “Kəpəz” – “Sumqayıt”

Gəncə şəhər stadionu

 

03 dekabr (bazar)

 

16:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

 

18:30. “Səbail” – “Zirə”

“Bayıl Arena”

 

1

Qarabağ

12

10

1

1

22-6

31

2

Qəbələ

13

9

1

3

25-14

28

3

Zirə

13

8

3

2

22-11

27

4

Sumqayıt

13

5

2

6

14-17

17

5

Neftçi

13

5

1

7

17-15

16

6

Səbail

12

4

1

7

9-18

13

7

Keşlə

13

2

2

9

9-21

8

8

Kəpəz

13

2

1

10

10-26

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 8.