“Hava isti olduğundan futbolçular istədiyi oyunu göstərə bilmirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün Topaz Premyer Liqasının XXXIII turunda “Bakı” “Qarabağ”la qarşılaşıb. Tərəflər qapılara qol vura bilməyib.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov rəqib futbolçuların vaxtı uzatmasından şikayətlənib: “Oyunda sürəti artırmaq istədik, amma alınmadı. Rəqib də pis komanda deyil. Deyəsən, Milinko Pantiç Avroliqada oynamaq istəyir, ancaq komandası istəmir. Çünki meydanda yalnız vaxt uzadırdılar. Avroliqada oynamaq istəyən komanda belə etməz”.
Qeyd edək ki, bununla da ardıcıl 3-cü oyunda da xal itirən “Qarabağ” yenə çempionluğunu rəsmiləşdirə bilməyib.