“Oyun sönük keçdi. Buna baxmayaraq, vacib 3 xal qazandıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXIX turunda AZAL-ı iki cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bildirib ki, oyun sürpriz nəticə ilə yekunlaşa bilərmiş: “AZAL bizim üçün tanış olmayan rəqibdir, oyunda sürpriz nəticə də ola bilərdi. Gələcəkdə Tərlan Əhmədovun rəhbərliyi altında öz oyun üslubu olacaq. Hesabda geridə olmalarına baxmayaraq, oyun intizamını pozmadılar. Tərlan Əhmədovun AZAL-a baş məşqçi təyin olunmasına sevindim, ona uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bakının mərkəzindən bir az uzaqda oynasaq da, oyuna gəldilər. Legioner limitinə görə bu gün əsas heyətdə Vüqara şans verdim. Həm Vüqara, həm də Leroya şans verməyə çalışıram. Hələ çempionluqdan danışmaq tezdir. Qarşıda 7 oyun var, bu da 21 xal edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram”.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə bildirib ki, komandası hər oyuna qələbə üçün çıxır: “Oyunçuları bacardığımız qədər qol vurmağa kökləmişdik. Qol imkanlarımız da var idi. Amma təcrübəsizlik öz sözünü dedi. "Qarabağ" da çətin rəqibdir. Boş bir yer tapa bilmirdik ki, həmin yerdən istifadə edək. Oyunun gedişini dəyişə bilən futbolçumuz yoxdur. Cavid yorulmuşdu, onu kimlə əvəzləyəcəyimizi bilmirdik. Komandanın oyununda irəliləyiş var. Mən hücum futbolu oynayıram, bu materialla oyun udmaq çətindir” (pfl.az).