Azərbaycan yığmasının sabiq futbolçusu Rəşad Abdullayevin AZAL-dan ayrılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, onun “təyyarəçilər”i tərk etməsi maliyyə məsələsi ilə bağlıdı.
Belə ki, maddi problemlə üzləşən AZAL Abdullayevin tələb etdiyi məbləği ödəməyə razı olmayıb. Bu səbəbdən karyerasının son illərini yaşayan 34 yaşlı yarımmüdafiəçi komandasını dəyişərək, “Zirə”yə keçib.
Halbuki AZAL-ın baş məşqçisi Tərlan Əhmədov müsahibəsində həm Rəşad Abdullayevin, həm də “Zirə” ilə anlaşan digər futbolçu Kamal Bayramovun komandada qalacağını bildirmişdi. Görünür, tərəflər maliyyə məsələsində razılığa gələ bilmədikləri üçün Rəşad müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
“İnter” və “Simurq”un ardınca maliyyə böhranı ilə üzləşən AZAL-dan daha bir neçə futbolçunun ayrılacağı gözlənilir. Paytaxt klubunda 3 aya yaxındı maaşlar verilmir. Belə olan halda, AZAL-ın növbəti mövsümdə iddiasını artıracağı ilə bağlı verilən vədlər inandırıcı görünmür.
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının 2014/15 mövsümünü 6-cı pillədə başa vurub.