“Neftçi” klubunun transferə çıxardığı Rəşad Sadiqov karyerasını əyalət komandasında davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, millimizin futbolçusu növbəti mövsümdə böyük ehtimalla “Qəbələ”nin formasını geyinəcək.
Bundan əlavə, 31 yaşlı yarımmüdafiəçinin “Xəzər Lənkəran”a keçmək ehtimalı da var. Əldə etdiyimiz xəbərə görə, cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizli Sadiqovun xidmətində maraqlıdır.
Xatırladaq ki, son turlar zəif çıxış etdiyindən “Neftçi” rəhbərliyi Sadiqovu əvəzedici komandaya göndərmişdi. Bu qərarla razılaşmadığından futbolçu transferə çıxarılıb.