[b]Rəşad Sadıqov: Növbəti oyunda bu hal təkrarlanmayacaq - MÜSAHİBƏ[/b]
08.04.2016 - 22:30
[b]Rəşad Sadıqov: Növbəti oyunda bu hal təkrarlanmayacaq - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Kəpəz”lə oyundan sonra keçirilən brifinqdə apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Bu cür asan qələbə qazanacağınızı gözləyirdinizmi?

- Heç bir oyundan əvvəl qələbəni asanlıqla qazanacağımızı düşünmürük. Çünki rəqiblər bizə qarşı ciddi hazırlaşırlar, çox istəkli olurlar. Meydanımız gözəldi, bu da oyuna xüsusi motivasiya olmaqlarına səbəb olur. “Kəpəz”lə oyunlarımız heç də asan keçmirdi. Bu gün inamlı qələbə qazandıq.

 

- Oyunun birtərəfli olması sizi bezdirmir?

- Əsas rəqiblərimizlə xal fərqimiz çox olsa da, arxayınlaşmırıq. Ən azı bilirik ki, 2-3 aydan sonra bizi avrokubok oyunları gözləyir. Arxayınlaşmaq olmaz, həmin matçlara hazır olmalıyıq. Çempionatda oyunlarımız rahat keçsə də, orda asan olmayacaq.

 

- “Kəpəz” niyə müqavimət göstərə bilmədi: “Qarabağ” imkan vermədi, yoxsa gücləri buna çatırdı?

- “Kəpəz” də pis oynamadı. Bacardığı qədər mübarizə apardı. Sadəcə, bizdə bu gün hər şey yaxşı alındı.

 

- Bu gün arenada ab-hava başqa idi. Hər tərəf dövlət bayraqları ilə bəzədilmişdi. Bu, oyununuza nə dərəcədə təsir etdi?

- Emosiyalar üst səviyyədə idi. Həssas bir dönəmdi. Stadionun bayraqlarla bəzədilməsi, azarkeşlərin sayının çox olması, şüarların səsləndirilməsi insanı başqa dünyaya aparırdı.

 

- Özünüzü əsgər kimi hiss etdinizmi?

- Sanki özümüzü səngərdə, əsgərlərin yanında hiss edirdik. Azarkeşlərin əsgərlərə aid şüarlar səsləndirməsi də emosiyaları coşdururdu.

 

- Çoxları “Qarabağ”dan bu addımı “Xəzər Lənkəran”la oyunda gözləyirdi. Sizcə, gecikmiş addım deyildi?

- Ola bilər. Lənkərandakı oyunda hər iki qolu Mahir vurdu və görünür qolun sevincini qeyd edərkən əsgər salamı verməyi, jest eləməyi unudub. Bu gün o, qoldan sonra əsgər salamı verdi.

 

- Stadiona bu qədər azarkeşin toplaşması üçün mütləq şəhid verilməli idi?

- Boş tribunalar qarşısında oynamağa hazırıq, təki bir nəfər əsgərimiz də şəhid olmasın. Buna isə müsbət tərəfdən yanaşmaq lazımdı. Döyüşlərin getdiyi bu günlərdə xalqımız birləşməyi bacardı. Hər yerdə dəstək aksiyaları keçirildi. Bu gün bizi dəstəkləyənlərə təşəkkür edirəm. Klubumuzun daşıdığı adın əziz olduğunu hamı bir daha gördü.

 

- Qazaxıstanla oyunda əksər futbolçular dövlət himnini oxumadı. Kapitan kimi bunu necə qarşılayırsınız?

- Bununla bağlı öz aramızda daim söhbət gedir. Növbəti oyunda bu hal təkrarlanmayacaq.

 

- Artıq məşqçi kursunda oxuyursuz. Bu nəyə işarədi: karyeranızı bitirsiniz, yoxsa gələcək üçün ehtiyat görürsünüz?

- Hələ karyeramı bitirmək niyyətim yoxdu. Fürsət idi, istifadə etdim. Kurslara qatıldığıma görə çox sevinirəm.

 

- Yeniliklər varmı?

- Özü də lap çox. Futbol təsərrüfatında çalışan hər bir kəsə məsləhət görərdim ki, mütləq kurslara qatılsın, yeniliklərlə tanış olsun, bilmədiklərini öyrənsinlər.

 

- Məşqçi olmaqla bağlı fikrinizi qətiləşdirmisiniz?

- Xeyr, hələ heç nə qətiləşməyib. Amma sabah lap menecer işləsəm belə, mütləq həmin sahəyə aid kurslara qatılacam.

 

- İkinci Qurban Qurbanova ehtiyac var?

- Hələ ki, bir Qurbanımız var, kifayətdi.

 

- Karyeranızı bitirdikdən sonra futbolda qalacaqsınız?

- Niyyətim belədi, amma hər şeyi zaman göstərəcək.

0