Avropa Liqasının qrup mərhələsində “Tottenhem”i qəbul edəcək “Qarabağ” tam heyətlə məşqlərini davam etdirə bilmir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mərkəz müdafiəçisi Rəşad Sadıqov və hücumçu Samuel Armenteros hələ də kollektivlə birlikdə məşqlərə qoşulmayıb.
Sonuncu dəfə noyabrın 5-də “Monako” ilə Bakıdakı oyunda meydançaya çıxan Sadıqov hələ də nəzarət altında məşqlərini davam etdirir. Kapitan hətta bu səbəbdən yığmanın Moldova ilə yoldaşlıq matçını da buraxmışdı.
Onunla yanaşı, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə zamanı “Rəvan”la yoxlama görüşündə topuq nahiyəsindən xəsarət alan Armenteros da hələlik fərdi məşq edir.
Klubun həkimləri hər iki oyunçunu noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya yetişdirməyə çalışırlar.
Qeyd edək ki, mərakeşli yarımmüdafiəçi Əlhərbi Əl-Jadeyui və braziliyalı hücumçu Reynaldo Silva zədə ucbatından “Tottenhem”lə matçda iştirak etməyəcək.